İşə çox bağlı adamların məzuniyyətdən qayıdarkən adaptasiyası daha çətin keçir
“Məzuniyyətə
ən çox ehtiyacı olanlar elə təzəcə məzuniyyətdən qayıdanlardır”. İlk
baxışdan absurd görünən bu fikir əslində boş sözlər deyil. Alimlər bunu
onunla izah edirlər ki, istirahətdən, sərbəstlikdən, səyahətdən, yeni
təəssüratlardan sonra ciddi iş rejiminin çərçivələrinə sığmaq çox çətin
olur. Həkimlər müşahidə ediblər ki, istirahətdən qayıdanların bir çoxu
üçqat enerji ilə işə girişməkdənsə, özlərini pis hiss etməkdən
şikayətlənirlər. Psixoloqlar isə belə hallarda “Məzuniyyətdən sonrakı
depressiya (MSD)” diaqnozu qoyurlar. Simptomlar Düşkün
əhval-ruhiyyə, apatiya, fikrin dağınıq olması, yuxululuq, üzgünlük.
Bəzi insanlarda isə əks reaksiya müşahidə olunur: onlar durmadan
məzuniyyət təəssüratlarını öz iş yoldaşları ilə paylaşır və işə
başlamaq məqamını hər vəchlə ləngidirlər. Yəqin ki, bu sətirləri
oxuyarkən bir çoxları öz davranışını xatırladı. Təəccüblü deyil, çünki
MSD tez-tez rast gəlinən haldır və onun səbəbləri də bəllidir. MSD-nin mümkün səbəbləri Bir
sıra hallarda bir rejimdən digərinə keçidin asan və ya çətin olması
məzuniyyətin müddətindən asılıdır. Maraqlıdır ki, istirahətin optimal
müddəti barədə ekspertlərin fikirləri kəskin fərqlənir. Bəziləri belə
hesab edirlər ki, məzuniyyətdən sonra iş rejiminə adaptasiya olunmağa
çətinlik çəkənlər yalnız o adamlardır ki, onlar iki həftə və ondan
artıq istirahət edirlər və beləliklə də, əmək fəaliyyətləri ilə əlaqəni
itirirlər. Bu halda məzuniyyətdən qayıdanı ilk iş günündə özlüyündə çox
ciddi stress olan üst-üstə qalaqlanmış işlər gözləyir. Lakin buna
əks olan fikir də mövcuddur. Belə ki, bəzi mütəxəssislər MSD-ni
yarımçıq istirahətlə əlaqələndirirlər. Çox da uzaq olmayan sovet
dövründə məzuniyyəti bir neçə hissəyə bölmək praktikası indiki kimi
geniş yayılmamışdı və yalnız müstəsna hallarda rast gəlinirdi. Ardıcıl
olaraq bir ay məzuniyyətdə olan əməkdaş həm tam, keyfiyyətli istirahət
edirdi, həm də hətta işdən ötrü darıxırdı da. İndi isə birdəfəyə
istirahət əksər hallarda iki həftədən uzun çəkmir. Belə qısamüddətli
məzuniyyətdən sonra işə başlamağı orqanizm zorakılıq kimi qəbul edir,
buna görə də uyğunlaşma mərhələsi tələb olunur. Özü də bir sıra
hallarda orqanizm öz istirahət hüququ uğrunda özünəməxsus qaydada –
xroniki xəstəliklərin kəskinləşməsi ilə mübarizə aparır. İstirahətdən
sonra əmək qabiliyyətinin bərpa olunmasında insanın temperamenti də
əhəmiyyətli rol oynayır. Məsələn, enerjili xolerik iş rejimindən
istirahətə, istirahətdə işə çox asanlıqla keçir. Tam dincəlmək üçün ona
bir həftə də bəsdir, daha uzunmüddətli məzuniyyət onu bezdirir. Buna
görə də xolerik temperamentli insanlar məzuniyyətlərini hissə-hissə
götürsələr yaxşıdır. Astagəl fleqmatiklər və hissiyyatlı melanxoliklər
uzun müddət (məsələn, bir ay) və əsaslı şəkildə dincəlməlidirlər.
Onlara məzuniyyəti birdəfəlik götürmək məsləhətdir. Fleqmatik və
melanxoliklərin istirahətdən işə qayıtması da çətin olur. Xüsusən, əgər
yaxşı dincələ bilməyiblərsə, onlar tam gücü ilə işə başlaya bilmirlər.
Bəzi sanqviniklərə isə illik məzuniyyət ümumiyyətlə gərək olmaya bilər.
Belələrinə işdən dincəlmək üçün konsertə, yaxud teatra getmək bəs edir. Maraqlıdır
ki, işə çox bağlı adamların məzuniyyətdən qayıdarkən adaptasiyası daha
çətin keçir. Mütəxəssislər bunu onunla izah edirlər ki, güclü
məsuliyyət hissi belə insanlara tam boşalmağa, sərbəstləşməyə imkan
vermir. Onlar hətta iş yerindən çox uzaqlarda da fikrən işdən tamamilə
azad ola bilmirlər. Bunun nəticəsində isə gərginlik və yorğunluq
üst-üstə gəlir. Xüsusən də, iş adamlarında və biznes menecerlərində bu
hala daha tez-tez rast gəlinir. Bu cəhətdən, müqavilə ilə müvəqqəti
işləyənlərin vəziyyəti daha yaxşıdır. Belə çıxır ki, məsuliyyət hissi
nə qədər az olsa, insan özünü məzuniyyətdə və məzuniyyətdən sonra bir o
qədər yaxşı hiss edir. Məzuniyyətdən sonrakı depressiyanın insanın
cinsindən asılı olması artıq təsdiq edilib. Məlumdur ki, qadınlar
kişilərə nisbətən daha plastik psixo-emosional sistemə malikdirlər.
Buna görə də stresslərdən və psixoloji travmalardan sonra zərif cins
nisbətən tez, güclü cins isə daha gec özünə gəlir. Ağır MSD insanın
öz işini sevməməsindən də irəli gələ bilər. Maraqlıdır ki, bir çoxları
məhz bu zaman işi dəyişməyə çalışır. Begin Group şirkətinin məlumatına
görə, işdən çıxmaq haqqında ərizələrin 80%-i məzuniyyətdən sonra
yazılır. Sənətinə, işinə bağlı adamlar üçün məzuniyyətdən qayıtmaq daha
asan başa gəlir. Bir çoxları hətta bu “məcburi fasilənin” başa
çatmasını səbirsizliklə gözləyirlər. Amma işi ürəyincə olmayanlar geri
dönüşü ağır keçirirlər. Özü də burada əsas problem iş yeri yox, iş
tərzidir. İş yerinin eyni qəbildən olan başqa idarə ilə əvəz edilməsi
problemi həll etmir. Stabil gəlirdən imtina edərək, bilinməyən
istiqamətdə addım atmağa isə hər kəs ürək eləmir. Burada
düşünüb-daşınaraq, şüurlu seçim edilməlidir: əvvəlki həyat tərzinə
davam edərək, sevmədiyin işə dözmək, ya da həyatını dəyişmək qərarına
gələrək, yeni variantlar axtarmaq.
MSD-nin digər səbəbləri MSD-nin
bir sıra başqa səbəbləri də ola bilər. Məsələn, məzuniyyətin evdə
təmirə sərf edilməsi, dəbdə olan, amma iqlimi konkret insana düşməyən
kurortda istirahət, məzuniyyət zamanı işləmək məcburiyyəti (məsələn,
kompyuterdə iş, İnternetlə yazışmalar, yaxud telefon
məsləhətləşmələri), bioloji ritmlərin dəyişməsi və s. Məzuniyyətdən
qayıdan adamın vəziyyəti rəhbərliyin ona münasibətindən də asılıdır.
İstirahətdən geri dönən adamı elə ilk gündəcə hədsiz “yükləmək” işçinin
depressiv vəziyyətini daha da ağırlaşdırır. Psixoloqlar müəssisə
rəhbərlərinə məsləhət görürlər ki, işçinin məzuniyyətdən geri qayıtmaq
gününü ya cümə axşamına, ya da cümə gününə salsınlar. Bu halda o, bazar
ertəsinədək adoptasiya olunur, növbəti həftəni isə tam gücü ilə
çalışır. İşçi məzuniyyətdən bazar ertəsi qayıdanda isə uyğunlaşmaya tam
bir həftə sərf olunur.
MSD-dən necə qorunmaq olar? Aşağıda
MSD-dən qorunmaq üçün bir sıra məsləhətləri diqqətinizə çatdırırıq.
Bunlar pasiyentləri belə vəziyyətlərlə üzləşən həkimlərin də karına
gələ bilər, MSD əleyhinə özünəyardım vasitələri kimi də istifadə oluna
bilər: • İşə çıxmaq vaxtından bir-iki gün qabaq istirahətdən qayıtmaq. • Evə qayıdan gün yaxşı yatıb dincəlmək. •
Xoşa gəlməyən işləri sonraya saxlayıb, ləzzət alınan işlərlə məşğul
olmaq: sevimli adamlarla, dostlarla görüşmək, ürəyə yatan nə isə almaq,
maraqlı kitab oxumaq və s. • İmmun sistemini möhkəmlədən vitamin
kompleksi və preparatlar qəbul etmək. Balanslaşdırılmamış günlük
ritmdən irəli gələn həddən ziyadə oyanıqlığın qarşısını almaq üçün
pişikotu tinkturası, fəallığı stimullaşdırmaq üçün isə jenşen, cır
limon, eleuterokokk preparatları içmək. Tərkibində təbii antidepressant
olan banan yemək. • Məzuniyyətdən sonra ilk günlər evdə və işdə konflikt situasiyalardan qaçmaq. • İlk günlər işdə ləngiməmək, evə vaxtında, mümkün olarsa, vaxtından tez getmək. •
Yığılıb qalmış bütün işləri bir gündə həll etməyə çalışmamaq, panikaya
düşməmək, işə yeni, böyük layihələrdən deyil, sakit planlaşdırmadan,
ürəyəyatan işlərdən başlamaq.